Elman Nəsirov: "Fransanın barışıqdan danışmaq haqqı yoxdur"

Elman Nəsirov: "Fransanın barışıqdan danışmaq haqqı yoxdur"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Fransanı kəskin tənqid edib.
“Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, - deyə dövlətimizin başçısı qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında da Fransanın təcavüzkar və çirkin imperalist siyasəti ilə bağlı fikirlər səsləndirib.
Mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Prezident İlham Əliyev tamamilə haqlıdır:
“Bir sıra dövlətlərin, xüsusilə Fransanın son davranışları real vəziyyətə adekvat deyil. Prezident İlham Əliyev Fransanın müstəmləkəçilik siyasətini tənqid etməklə düzgün edib. Bu ölkənin uzun müddət apardığı müstəmləkə siyasəti bu gündə özünü göstərməkdədir. Belə olan halda bu tip dövlətlərin sülh və əmin-amanlıqdan, dövlətlərarası barışıqdan danışmaq haqqı yoxdur. Bunun da nəyə gətirib çıxaracağını hesablamaq çətin deyil. Prezident İlham Əliyevin Fransanın siyasəti ilə bağlı çıxışı faktlara və dəlillərə əsaslanır”.
Gundelik-Baku.Org