Bir millət, iki dövlət Bir ananın iki oğlu, Azərbaycan-Türkiyə Paşam, bizdə qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar…

Bir millət, iki dövlət Bir ananın iki oğlu, Azərbaycan-Türkiyə Paşam, bizdə qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar…
Azərbaycan-Türkiyə münasibətlərinə nəzər salmaq üçün uzaq Altaylardan, Oğuz elindən başlamağa ehtiyac görmədik. Son 100 ilə nəzər salmaq yetər. 
Məlumdur ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunmuşdu, amma dövlətin  rəhbərliyi Bakıya gələ bilmirdi. 
Təsəvvür edirsinizmi, bu nə deməkdir… Belə bir çox mürəkkəb tarixi şəraitdə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycana  gəldi və bizə dəstək oldu. Biz daha da güclənərək, Bakını ermənilərdən və  digər düşmənlərdən azad etdik. Və Xalq Cümhuriyyətinin rəhbərliyi Bakıya gələ bildi. Biz bunu bir millət olaraq heç vaxt unutmadıq. Bu olaydan bir neçə il sonra…… 1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. 
Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nəriman Nərimanovun şəxsi əmriylə uzanıb. Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildirib. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern benzin göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəçiliyi götürmüşdür. 
Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdir. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdir. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdir. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdir. Bu yardımlar sayəsində döyüş içində olan ölkənin vəziyyəti xeyli düzəlmişdir. Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik”. Həmin illərdə Çanaqqala savaşında yüzlərlə Azərbaycan türkü şəhid olub. 70 illik sovet  dönəmindən sonra  Türkiyəli qardaşlarımızla  yenidən bir araya gəldik. 
Bu dövr isə iki dahi şəxsiyyətin Heydər Əliyevin və Bəxtiyar Vahabzadənin fikirləri ilə yadda qalıb. Ulu Öndər ilk gündən açıq şəkildə dedi ki, Türkiyə və Azərbaycan …Bir millət, iki dövlətdir. Böyük şairimiz isə bu qardaşlığa öz şeiri ilə cavab verdi. Sayın Rəcəb Tayyib Ərdoğan həmişə bu şeiri sevə-sevə deyir:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət.
Eyni arzu, eyni niyyət.
Hər ikisi Cümhuriyyət Azərbaycan-Türkiyə. 
44 günlük Qarabağ savaşında, torpaqlarımızın azad edilməsində qardaş Türkiyənin dəstəyi dünya durduqca unudulmaz. Bəli, bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev də dönə-dönə qeyd edir. 
İndi isə nə qədər kədərli, faciəli olsa da gələk bu günümüzə. Qardaş Türkiyədə baş verən, minlərlə insanın həlak olduğu, on minlərlə insanın yaralandığı zəlzələ zamanı özünü ilk yetirən Azərbaycan dövləti və millətimiz oldu. 
Təsəvvür edirsiniz, ibtidai sinif şagirdləri ağlayır, nəsə kömək etmək istəyir, öz həmrəyliyini  bildirir və s. Hətta sıradan bir kasıb azərbaycan kişisi köhnə avtomobilinə evindəki yorğan-döşəyi yükləyib köməyə tələsir. Biz hələ Azərbaycan dövlətinin qardaş yardımını, xilasedicilərimizin insanları xilas etməsini və s yardımı demirik. Bu borc-filan deyil. Yüz il öncə deyildiyi kimi: Paşam, bizdə qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar…
Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı. Başın sağ olsun, Türkiyəmiz.
                 Sabahnews Qəzetinin Baş Redaktoru Habil Vəliyev
Gundelik-Baku.Org