Şuşada hava monitorinqi cihazları quraşdırılacaq

Şuşada hava monitorinqi cihazları quraşdırılacaq
Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şuşa şəhərində hava monitorinqi cihazları quraşdırılacaq.
Bunu “APA-Economics”ə “Sumaks” şirkətinin rəhbəri Cavid Məmmədov deyib.
Onun sözlərinə görə, cihazlar artıq “ASAN Xidmət”in Bakı və Sumqayıtda olan mərkəzlərində quraşdırılıb.
“Hazırda digər mərkəzlərdə də bu cihazların quraşdırılması işləri aparılır. Gələcəkdə isə Şuşa da daxil olmaqla cihazların quraşdırılması regionlarda da aparılacaq”, - deyə Cavid Məmmədov əlavə edib.
Qeyd edək ki, havanın keyfiyyət göstəriciləri cihazda olan sensorlar vasitəsilə toplanaraq təhlil edilir və daha sonra serverə yönləndirilir. Cihaz vasitəsilə havanın temperaturu və rütubəti ilə yanaşı, havada olan CO2, CO, NO2, NH3, metan və azot qazının miqdarı ölçülür, O3 qazı təyin edilir. Eyni zamanda, cihaz vasitəsilə havada olan tozun səviyyəsi, eləcə də ətraf mühitdə olan səs-küyün miqdarı təyin olunur.
Gundelik-Baku.Org